Məhkəmə "Esperance Pharma" şirkəti ilə bağlı cərimə qərarını açıqladı

Dərman şirkəti olan "Esperance Pharma" MMC malları və nəqliyyat vasitələrini bəyan etmədiyinə görə cərimələnib.
İ
qtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.