Mercedes-in robotaksiləri Dubaya gedir
Çinin avtonom idarəetmə şirkəti Momenta gələn ildən robotaksilərini Dubayda istifadəyə verməyi planlaşdırır. Şirkət eyni zamanda Avropanın bir neçə şəhərində fəaliyyətə başlamaq üçün danışıqlar aparır.
BusinessTime xəbər verir ki, hazırda Momenta üç ölkədə 100-dən çox robotaksi ilə işləyir, Çin, Münhen və Əbu-Dabidə sınaqlar keçirir. Şirkət 2026-cı ilin sonuna qədər parkını yüzlərlə avtomobilə, 2027-ci ilin sonuna qədər isə bir neçə min robotaksiyə çatdırmağı planlaşdırır.
Mercedes-Benz tərəfindən dəstəklənən Momenta Toyota və BYD ilə də əməkdaşlıq edir. Şirkət robotaksiləri üçün xüsusi çiplər hazırlamaq məqsədilə XHeart ilə işləyir və gələcəkdə bu texnologiyanın müxtəlif ölkələrdə tətbiqini genişləndirməyi planlaşdırır.


