MİDA daha 535 mənzili güzəştli şərtlərlə satışa çıxarır - ÜNVANLAR
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan yayıb.
BusinessTime xəbər verir ki, ümumilikdə 535 mənzilin satışı 4 sentyabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcək.
Gözləmə qaydasında mənzillərin seçimi 4 sentyabr 2026-cı il tarixində saat 12:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcək.
Məlumata görə, Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzil, Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzil və Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzil satışa çıxarılacaq.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Satış şərtləri və qiymətlər:
Lənkəran Yaşayış Kompleksi üzrə:
4 otaqlı mənzilin qiyməti – 108 870 manatdır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.
Yevlax Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzilin qiyməti – 62 035 manat,
3 otaqlı mənzilin qiyməti – 73 910 manat,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.
Qeyd edək ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.


