Müstəqillik günün mübarək qüdrətli Azərbaycan!

Müstəqillik günün mübarək qüdrətli Azərbaycan!

Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Məhz buna görə gərək sınaqlara hər hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Bu mənada Azərbaycan xalqı çox xoşbəxt xalqdır.

Taleyinə bir əsrdə iki dəfə müstəqillik əldə etmək, suveren dövlət yaratmaq imkanı yazılmış Azərbaycan xalqı zamanla ən çətin sınaqlara sinə gərərək, azadlığını hər şeydən üstün tutmuşdur. 1918-ci il 28 ay tarixində Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Şərqdə ilk demokratik Respublika üsul-idarəli dövlətin yaranmasını bütün dünyaya elan etdilər. Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti o zaman özünün dövlət atributlarını – bayrağını, himnini, gerbini qəbul etdi.

Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və AXC süquta uğradı.İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına təkrar qovuşdu. Lakin müstəqilliyini qazandıqdan az sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçı ideyalar müstəqilliyin elə ilk addımlarında itirilməsi təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin xalqımızın xahişi ilə Azərbycanda hakimiyyətə yenidən qayıdışı ilə Ölkəmizin başı üzərində olan qara buludlar dağıldı. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən Ulu Öndərin qurub-yaratdığı Azərbaycan Respublikası bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir.

Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Məhz bu davamlı və ardıcıl inkişafın nəticəsində Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində itirilmiş tarixi ərazilərimizi geri qaytardı. Bununla ərazi bütövlüyümüz təmin edildi. Xalqımızın son 30 ildə itirilmiş qüruru, inamı özünə qayıdıb. İndi qüdrətli Azərbaycan düşmənin viran qoyduğu torpaqlarımızı ən yüksək səviyyədə bərpa etməklə məşğuldur. Müstəqillik günün mübarək qüdrətli Azərbaycan!

Fatimə Gözəlova;
Neftçala rayonu