Ötən ay Bakıda mənzillərin qiyməti bu qədər bahalaşıb

Ötən ay Bakıda mənzillərin qiyməti bu qədər bahalaşıb

2026-cı ilin aprel və may ayları üzrə aparılan müşahidələr göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davam edib.

BusinessTime xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sdəri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, mart ayı ilə müqayisədə apreldə bazarda mülayim yüksəliş müşahidə olunsa da, may ayında həm alıcılıq qabiliyyətinin, həm də investisiya fəallığının artması nəticəsində qiymət dinamikası daha da sürətlənib:

“Xüsusilə diqqət çəkən məqam odur ki, köhnə tikili mənzillərə tələbat yeni tikililərlə müqayisədə daha yüksək olub. Bunun əsas səbəbləri mərkəzi rayonlarda köhnə yaşayış fondunun üstünlük təşkil etməsi, qiymət baxımından əlçatanlıq və hazır mənzil bazarına marağın artmasıdır”.

Ekspert qeyd edib ki, kotlovan mərhələsində olan layihələr isə ən yüksək artım tempini qoruyub saxlayır: “Tikinti xərclərinin yüksəlməsi, yeni layihələrin sayının məhdud olması və investor marağı bu seqmentdə qiymətlərin daha sürətli bahalaşmasına səbəb olub”.

Vüqar Oruc hesab edir ki, hazırkı dinamika ilin ikinci yarısında da davam edərsə, bazarda ən yüksək qiymət artımı kotlovan layihələrində, daha sonra köhnə tikili mənzillərdə müşahidə olunacaq:

“Mərkəzi rayonlarda torpaq ehtiyatlarının məhdudluğu və yeni tikinti imkanlarının azalması xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarında qiymətlərin orta bazar göstəricilərindən daha sürətli yüksəlməsinə şərait yaradır. Bununla yanaşı, Nizami, Binəqədi və Xətai rayonları da yüksək likvidlik nümayiş etdirərək bazarın əsas hərəkətverici seqmentləri sırasında qalır”.