"PAŞA Real Estate Group"da rəhbər vəzifələrə yeni təyinatlar olub

"PAŞA Real Estate Group"da rəhbər vəzifələrə yeni təyinatlar olub

"PAŞA Real Estate Group" 1 May 2025-ci il tarixindən etibarən Elçin Qədimovun qrupun baş kommersiya direktoru (Group CCO) və Beynəlxalq Layihələr üzrə baş icraçı direktoru (CEO of International Projects) vəzifələrinə təyin olunduğunu elan edib. Eyni zamanda, Tural Əliyev "PAŞA Property Management"in baş icraçı direktoru (CEO) vəzifəsinə təyin edilib.

Elçin Qədimov yeni vəzifəsinə daşınmaz əmlak və maliyyə xidmətləri sahələrini əhatə edən geniş rəhbərlik təcrübəsini gətirir. "PAŞA Property Management"in baş icraçı direktoru vəzifəsindəki əvvəlki fəaliyyəti strateji təşəbbüslərə rəhbərlik, eləcə də təşkilati böyümənin idarəolunması, uğurlu nəticələrə gətirib çıxarıb. "PAŞA Real Estate Group"a qoşulmazdan əvvəl bank sektorunda iyirmi ildən artıq rəhbər vəzifələrdə çalışaraq uğurlu bir karyera qurub. O, Cənubi Alabama Universitetindən MBA elmi dərəcəsinə malikdir.

Qrupun baş kommersiya inzibatçısı kimi Elçin Qədimov "PAŞA Real Estate Group"un yerli və beynəlxalq daşınmaz əmlak satışı əməliyyatlarına nəzarət edəcək və kommersiya funksiyalarını mərkəzləşdirəcək. Həmçinin E.Qədimov yerli və beynəlxalq bazarlarda hökumətlə əlaqələrə rəhbərlik edəcək, strateji tərəfdaşlıqların qurulmasına və tənzimləyici uyğunluğun təmin olunmasına töhfə verəcək. Beynəlxalq Layihələr üzrə baş icraçı direktor vəzifəsində 2025-ci ilin mühüm investisiya layihəsi olan Özbəkistan və digər investisiya təşəbbüsləri daxil olmaqla beynəlxalq strateji inkişaf sahəsinə nəzarət edəcək.

Rəhbərlik sahəsində 17 ildən artıq təcrübəyə malik Tural Əliyev "PAŞA Property Management" şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilib. Daha öncə Tural Əliyev "PAŞA Sığorta" ASC-də baş icraçı direktorun müavini vəzifəsində çalışıb və burada əməliyyatların təkmilləşdirilməsi, müştəri təcrübəsinin yaxşılaşdırılması, eləcə də innovativ təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynayıb. Tural Əliyev "London Business School"un MBA dərəcəsinə və Carnegie Mellon Universitetinin informasiya sistemlərinin idarəedilməsi üzrə CIO sertifikatına malikdir.

Yeni vəzifəsində Tural Əliyev beşulduzlu xidmət mədəniyyətinin formalaşdırılmasını, aktivlərin planlı şəkildə idarəolunmasını, əməliyyat intizamına və maraqlı tərəflərin gözləntiləri ilə uyğunluğa diqqət yetirərək uzunmüddətli dəyər yaradılmasını təmin edəcək.

"PAŞA Real Estate Group" haqqında

"PAŞA Real Estate Group", daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşıb. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünyasəviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan "PAŞA Real Estate Group", sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədilə fəaliyyət göstərməkdədir.