“Rabitəbank” maliyyə nəticələrini açıqlayıb
“Rabitəbank” 2025-ci ilin II rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayır. Belə ki, 2025-ci ilin ilk 6 ayı ərzində “Rabitəbank” 6 milyon 831 min manat xalis mənfəət əldə edib. Cari ilin II rübündə bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1 milyard 188 milyon manata çatıb.
Kredit portfelində müsbət dinamika
Bankın kredit portfeli böyüyərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artıb. Nəticədə, ümumi kredit portfeli 909 milyon 743 min manata yüksəlib. Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 14 faiz artaraq 407 milyon 857 min manata, o cümlədən istehlak kreditləri portfeli 26 faiz artaraq 329 milyon 386 min manata, ipoteka kreditləri isə 19 faiz artaraq 172 milyon 500 min manata çatıb.
Bankda fiziki şəxslərin əmanət qoyuluşları artıb
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, 2025-ci ilin 6 ayı ərzində fiziki şəxslər üzrə əmanətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 499 milyon 698 min manata çatıb. Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 18,5 faiz artaraq 64 milyon 166 min manata çatıb. Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 120 milyon 579 min manat olub.
Qeyd edək ki, hazırda “Rabitəbank” ASC 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

