Ordubad rayonu üzrə vətəndaş müraciətlərinin yerində araşdırılması, əhalini narahat edən məsələlərin operativ həlli və yerlərdə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə növbəti səyyar qəbul Dəstə kəndində təşkil olunub. Səyyar qəbulda Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kənd sakinləri ilə görüşərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Keçirilən görüş zamanı Rəcəb Rəhimli ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sistemli islahatlardan bəhs edərək Muxtar Respublikada, o cümlədən Ordubad rayonunda müasir infrastruktur quruculuğunun sürətləndiyi vurğulayıb.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası regionda hərtərəfli inkişafın təmin olunmasında mühüm rol oynayır. Vurğulanıb ki, proqramın icrası çərçivəsində Ordubad rayonunun yol-nəqliyyat infrastrukturunun müasir texniki standartlara uyğun şəkildə bərpası, meliorasiya və su təsərrüfatı sistemlərinin modernləşdirilməsi, əhali üçün sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi, yeni məşğulluq imkanlarının formalaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası çərçivəsində Ordubad rayonunda içməli və suvarma suyu təminatının əsaslı şəkildə yaxşılaşdırılması nəzərdə tutulur. Zəngəzur dəhlizi layihəsi çərçivəsində dəmir yolu infrastrukturunun yenidən qurulması rayonda məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, vətəndaşların rifah halının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verir.
Qəbul zamanı sakinlər tərəfindən məşğulluq, ünvanlı dövlət sosial yardımının təyin olunması, elektrik və qaz infrastrukturun yenilənməsi, içməli və suvarma suyu ilə təminatın təkmilləşdirilməsi, dövlət qulluğunda yardımçı vəzifələrin tutulması, bələdiyyə torpaqlarından istifadə, səhiyyə xidmətləri və s. ilə bağlı çoxsaylı müraciət və təkliflər dinlənilib. Qaldırılan məsələlərin bir qismi operativ şəkildə yerindəcə həllini tapıb, bəzi müraciətlərlə bağlı isə vətəndaşlara mövcud qanunvericiliyin tələbləri izah edilərək müvafiq məlumatlandırma aparılıb. Araşdırma tələb edən digər məsələlərin həlli üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Görüşün sonunda sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.