"Sabancı Holding" 2026-cı ilin ilk yarısında 14,5 milyard lirə xalis mənfəət əldə edib
“Sabancı Holding” 2026-cı ilin ilk yarısına dair maliyyə nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, holdinq 2026-cı ilin ilk yarısında 14,5 milyard lirə xalis mənfəət əldə edib.
Strateji prioritet sahələrdə böyüməsini davam etdirən holdinq bu dövrdə “Akçansa”dakı 39,72%-lik payının hamısını şirkətin 1,1 milyard dollarlıq dəyəri əsasında sataraq təxminən 428 milyon dollar nağd vəsait əldə edib.
Səhmlərinin ötürülməsi iyulun 31-də başa çatdırılan “CarrefourSA” satışının maliyyə nəticələrinə təsirinin ilin üçüncü rübündən etibarən əks olunacağı gözlənilir.
Holdinqin enerji sektorundakı şirkətləri də ilin ilk yarısında investisiyalarını davam etdirib. “Enerjisa Enerji” elektrik paylayıcı şəbəkəsinə investisiyalarını ötən ilin eyni dövrü ilə müqayisədə 153 faiz artırıb. “Enerjisa Üretim” isə Manisa, Balıkesir, Aydın və Muğlada ümumi quraşdırılmış gücü 269 meqavat olan dörd külək elektrik stansiyasını istismara verib.
ABŞ-də fəaliyyət göstərən “Sabancı Renewables” Texas ştatındakı ümumi gücü 286 meqavat olan “Lucky 7” və “Pepper” günəş elektrik stansiyaları üçün 382 milyon dollarlıq layihə maliyyələşdirilməsi və vergi güzəştlərinə əsaslanan 151 milyon dollarlıq maliyyələşdirmə təmin edib.
“Akbank”ın ilin ilk yarısında təqdim etdiyi kredit dəstəyinin ümumi həcmi 2 trilyon 913 milyard lirəyə çatıb. Bunun 2 trilyon 233 milyard lirəsini nağd kreditlər təşkil edib.
Holdinqin digər şirkətlərində də fəaliyyət davam etdirilib. “Çimsa” kalsium-alüminat sementi məhsullarını ilk dəfə Yaponiyaya ixrac edib, “Brisa” beynəlxalq bazarlarda fəaliyyətini genişləndirib, “Temsa” isə ilin ilk yarısında satışlarını ədəd ifadəsində 20% artırıb. “Agesa” sığorta və fərdi pensiya istiqamətlərində böyüməsini davam etdirib.
“Sabancı Holding”in baş icraçı direktoru (CEO) Kıvanç Zaimler bildirib ki, şirkət portfelini dinamik və intizamlı yanaşma ilə idarə edir.
O qeyd edib ki, 2021-ci ildən bəri bank və maliyyə xidmətləri də daxil olmaqla holdinqin ümumi investisiyalarının həcmi 9,7 milyard dollara çatıb. İnvestisiyaların Türkiyə üçün səfərbər edilən hissəsi isə 90% təşkil edib.


