Şuşa Zəfəri və Böyük Qayıdış 

Şuşa Zəfəri və Böyük Qayıdış 

Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində yeni siyasi, iqtisadi və geostrateji mərhələnin başlanğıcını qoydu. Bu tarixi qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaratdı.

Uzun illər işğal altında qalmış ərazilərin yenidən qurulması Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən birinə çevrildi. Mqzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa strategiyası həmin ərazilərin müasir infrastruktur, innovativ texnologiyalar və dayanıqlı iqtisadi inkişaf prinsipləri əsasında qurulmasını nəzərdə tutur.

Bu yanaşma göstərir ki, Azərbaycanın məqsədi yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, həm də həmin əraziləri ölkənin ümumi iqtisadi sisteminə daha səmərəli inteqrasiya etdirməkdir. Şuşa bu strategiyanın həm siyasi, həm də iqtisadi baxımdan mühüm mərkəzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Şəhərin tarixi-mədəni potensialı turizmin, xidmət sektorunun və yaradıcı sənayelərin inkişafı üçün əlverişli imkanlar formalaşdırır. Şuşada həyata keçirilən infrastruktur layihələri onun gələcəkdə beynəlxalq turizm və mədəniyyət mərkəzinə çevrilməsinə xidmət edir. Avtomobil yollarının, yaşayış binalarının, sosial obyektlərin və kommunal infrastrukturun yenidən qurulması şəhərin iqtisadi fəallığının artmasına zəmin yaradır. Eyni zamanda, tarixi abidələrin bərpası və mədəni tədbirlərin təşkili Şuşanın beynəlxalq tanıdılması baxımından mühüm vasitədir. Bu proses Azərbaycanın mədəni diplomatiya imkanlarını genişləndirməklə yanaşı, ölkənin turizm potensialının inkişafına da müsbət təsir göstərir.

Böyük Qayıdış proqramı isə işğaldan azad edilmiş ərazilərdə sosial həyatın bərpasını təmin edən ən mühüm dövlət təşəbbüslərindən biridir. Doğma torpaqlarına qayıdan vətəndaşların yaşayış, məşğulluq, təhsil və səhiyyə ehtiyaclarının qarşılanması bu proqramın əsas məqsədlərindəndir. Yeni yaşayış məntəqələrinin salınması, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası əhalinin təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsinə yönəlib. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, sənaye, turizm və alternativ enerji sahələrinin inkişafı yeni iqtisadi imkanlar yaradır. Xüsusilə yaşıl enerji potensialından istifadə Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq enerji bazarlarında mövqelərinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, nəqliyyat və logistika infrastrukturunun inkişafı regionun iqtisadi əlaqələrinin genişlənməsinə və Azərbaycanın tranzit imkanlarının artmasına şərait yaradır.

Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu ərazilərdə yaradılan yeni iqtisadi və sosial imkanlar ölkənin regionlararası inkişaf fərqlərinin azaldılmasına da töhfə verə bilər. Şuşanın dirçəlişi isə bütün bu proseslərin mənəvi və siyasi simvolu kimi xüsusi məna daşıyır.

Dövlətin qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi qələbəni davamlı iqtisadi tərəqqiyə, sosial rifaha və güclü regional əməkdaşlığa çevirməkdir. Bu baxımdan, Şuşanın azadlığı Azərbaycanın yalnız keçmişinə qayıdışı deyil, həm də gələcəyə inamla irəliləyişinin başlanğıcıdır. Nəticə etibarilə, Şuşanın və işğaldan azad edilmiş digər ərazilərin bərpası Azərbaycanın milli maraqlarına, iqtisadi təhlükəsizliyinə və regional liderlik mövqeyinə xidmət edən strateji dövlət layihəsidir. Bu layihənin uğurla həyata keçirilməsi gələcək nəsillərə daha güclü, müasir və dayanıqlı Azərbaycan miras qoyulmasının mühüm təminatıdır.

Bəxtiyar Məhərrəmov
Neftçala rayonu