"Temu" bağlamaları gömrükdə qaldı: Sifarişlər niyə gecikir?
Son vaxtlar "Temu" elektron ticarət platforması vasitəsilə edilən sifarişlərin təhvil verilməsində gecikmələr müşahidə olunur.
Sözügedən platformadan sifariş edən şəxs Oxu.Az-a müraciət edərək bildirib ki, məhsullarının gömrük anbarından çıxması ilə bağlı bildiriş gəlsə də, karqo şirkətinə çatdırılmayıb.
Onun sözlərinə görə, "Temu" tətbiqində sifarişin gömrük anbarına yeni daxil olması ilə bağlı bildiriş gəlsə də, bəyan etmə mərhələsində sifarişin anbardan çıxarıldığı göstərilir:
"Sifarişimiz bir aydan çoxdur ki, gəlib çıxmır. Biz bu problemlə yalnız "Temu" alış-veriş platformasında qarşılaşırıq. Digər platformalardan edilən sifarişlərin təhvil-təslimatında ləngimələr yoxdur".
Karqo şirkətlərindən birinin əməkdaşı Oxu.Az-ın sualına cavab olaraq bildirib ki, hazırda "Temu" platformasından edilən sifarişlərin gecikməsi bütün karqo şirkətlərində baş verən haldır:
"Məhsullar bizə gəlib çatmayıb. Sifarişlər gömrük anbarında qalıb. Biz ödənişlərimizi edib götürmək istəsək də, məhsullarımız bizə verilmir. Gömrük işçiləri gün ərzində 200-300 bağlamanı təhvil verə biləcəklərini qeyd edirlər. Hazırda karqo şirkətlərinə məxsus minlərlə bağlama gömrük anbarında qalıb. Həmin 200-300 bağlama da kimin bəxtinə düşürsə, təhvil verilir. Ödənişi edib məhsulu götürmək istədikdə isə bizə heç bir səbəb göstərilmir. Bəzən bağlamaların çatması ilə bağlı bildirişlər sifarişçilərə göndərilir, lakin biz məhsulu gömrük anbarından götürə bilmirik. Problemin isə nədən qaynaqlandığı barəsində məlumatsızıq".
Məsələ ilə bağlı Azərbaycan Gömrük Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecikmələrin səbəbi vaxtında və düzgün bəyan edilməyən bağlamaların sayının artmasıdır:
"Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya ümumiyyətlə bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.
Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur".

