“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin üçüncü dəfə təşkil olunan yekun tədbiri keçirilib.

Tədbir layihənin nəticələrinə və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Yekun mərasimində layihənin təşkilinə dəstək göstərən qurumların nümayəndələri, tərəfdaş təşkilatlar və layihədə iştirak edən 100-dən çox xanım sahibkar iştirak edib.

Tədbirin rəsmi hissəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış ediblər.

Çıxışlarda qadın sahibkarlığının inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti vurğulanıb, bu istiqamətdə həyata keçirilən təşəbbüs və layihələrin sahibkar xanımların biznes bacarıqlarının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Natiqlər iştirakçıları qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Tədbirdə layihənin baş sponsoru “Məlhəm Beynəlxalq Hospital”ın direktoru Sevda Əlizadə, sponsoru “Corian Baku” şirkətinin təsisçisi Vüsal Musayev, tərəfdaş qurumların nümayəndələri – “Gizli Bahçe” restoranının təsisçisi Recep Eraslan, “Ətirşah Parfüm”ün təsisçisi Sərdar Xasayev və rəsmi tərəfdaş Kapital Bank-ın məhsul sahibi Aytən Əhmədli də çıxış edərək təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər. Onlar qadın sahibkarlığının dəstəklənməsinin əhəmiyyətini vurğulayaraq iştirakçıları bayram münasibətilə təbrik ediblər.

Tədbirin davamında layihə çərçivəsində keçirilən görüş və fəaliyyətlərdə aktiv iştirak edən xanım sahibkarlara sertifikatlar təqdim olunub. Proqramın bədii hissəsi isə əyləncəli şou proqramla davam edib.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA)-nın birgə təşkilatçılığı, Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə həyata keçirilən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də qadın sahibkarlar arasında tərəfdaşlıq və netvörkinqin gücləndirilməsinə töhfə verib. Layihə çərçivəsində müxtəlif sektorları təmsil edən 100-dən çox sahibkar üçün təlimlər, tədbirlər, ofis və istehsalat ziyarətləri, həmçinin sosial fəaliyyətlər təşkil olunub.

Layihənin promo tərəfdaşı isə “Moon Group” şirkətidir.