“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
“Unibank” KB 2026-cı ilin üçüncü rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 333 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 56 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 53 milyon manatdan çox, xalis mənfəət isə ötən ilin eyni dövrü ilə müqayisədə 73 % artaraq, 26,6 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 19 % artaraq, 266 milyon manata çatıb. Aktivlərin həcmi isə 465 milyon manat çoxalaraq, 2,4 milyard manata yaxınlaşıb. Hesabat dövründə bankın kapital adekvatlılığı əmsalı 14,57 % təşkil edib.
“Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Valentin Morozov bildirib ki, 2026-cı ilin üçüncü rübü bank üçün sabit inkişaf, əməliyyat effektivliyinin artırılması və əsas biznes istiqamətlərinin gücləndirilməsi ilə yadda qalıb: “2026-cı ilin üçüncüi rübü “Unibank” üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. Əvvəlki rüblərdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində inkişafı davam etdirdik. Yeni strategiyamızın icrası planlaşdırılan istiqamətdə davam edir. Rəqəmsal kanallarımızın genişləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və müştəri təcrübəsinin keyfiyyətinin artırılması bu dövrdə də fəaliyyətimizin mərkəzində oldu. İlin son rübündə qarşımıza qoyduğumuz hədəflərə nail olmaq, müştərilərimiz və tərəfdaşlarımız üçün yaratdığımız dəyəri daha da artırmağı hədəfləyirik”.
Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım 273 milyon manat təşkil edib və kredit portfeli üçüncü rübün sonuna 1,5 milyard manatı ötüb. Ümumi kredit portfelinin həcmində ayrıca olaraq biznes kreditləri 44 % artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi portfeldə 48 %-ə yaxınlaşaraq, 733 milyon manata çatıb. Biznes portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin payında da ciddi artım olub. 2025-ci ilin 3-cü rübü ilə müqayisədə bu il mikro kreditlərin biznes portfeldəki payında 49 %-lik artım qeydə alınıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib. Ümumi depozit portfelinin həcmi 17 % çoxalaraq, üçüncü rübün sonuna 1,4 milyard manatı ötüb.
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 12%, sayı isə 28 % artıb. Bu ilin əvvəlindən 30 sentyabr tarixinədək nağdsız əməliyyatların həcmi 12,2 milyard manatı, sayı isə 432 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfəri ötüb. 2025-cı ilin üçüncü rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 12 % artıb.
“Unibank” – Sənin Bankın!


