“Yapı Kredi Bank Azərbaycan” ilk yarımildə 5 mln. manat xalis mənfəət əldə edib
“Yapı Kredi Bank Azərbaycan” ASC 2026-cı ilin ilk yarısını 4,79 milyon manat xalis mənfəətlə başa vurub.
BusinessTime bunu bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.
Faiz gəlirləri illik müqayisədə 40,5% artaraq 32,45 milyon manata yüksəlib, qeyri-faiz gəlirləri isə 6,4% artımla 14,59 milyon manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üzrə yaradılmış ehtiyatlar 35,4%, əməliyyat xərcləri isə 7,2% artıb.
Bankın ümumi gəlirləri 27,3% artaraq 47,04 milyon manata, ümumi xərcləri isə 13,2% artaraq 42,25 milyon manata çatıb.
1 iyul 2026-cı il tarixinə bankın cəmi aktivləri 870,73 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 9,8% çoxdur. Müştərilərə verilmiş xalis kreditlər 465,40 milyon manata çataraq 6,7% artıb və bankın aktivlərinin 53,4%-ni təşkil edib. Müştərilərə verilmiş ümumi kredit portfeli isə 496,74 milyon manat olub ki, bu da 6,1% artım deməkdir. Nağd vəsait və ekvivalentləri 4,1% artaraq 251,55 milyon manata, investisiya qiymətli kağızları portfeli isə 12,1% artaraq 62,19 milyon manata yüksəlib.
Bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 10,4% artaraq 740,76 milyon manata, o cümlədən depozit portfeli 8,6% artaraq 572,97 milyon manata çatıb. Cəmi kapital 1,9% artaraq 129,97 milyon manat olub. Bölüşdürülməmiş mənfəət 17,3% artaraq 64,32 milyon manata yüksəlib.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur. (Banker.az )


