Yaşıl Kart sistemi ilə bağlı vətəndaşlara müraciət edilib
Yaşıl Kart Sisteminə üzv ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara mühüm müraciət olunub. Bildirilib ki, bu istiqamət üzrə sığorta xidmətlərini yalnız “İcbari Sığorta Bürosu”nun (İSB) üzvü olan sığorta şirkətləri təqdim edir.
Məlumata əsasən, hazırda İSB-nin iştirakçıları olan sığorta şirkətləri “Atəşgah Sığorta Şirkəti” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC və “Xalq Sığorta” ASC-dir.
Qeyd olunur ki, İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi üzrə ölkə daxilində əlaqələndirici və ixtisaslaşmış qurum kimi fəaliyyət göstərir. Büro eyni zamanda Azərbaycanı beynəlxalq Yaşıl Kart sistemində təmsil edir.
Vətəndaşlara tövsiyə olunur ki, xarici ölkələrə səfər etməzdən əvvəl nəqliyyat vasitələri üçün tələb olunan Yaşıl Kart sığortasını yalnız rəsmi və səlahiyyətli sığorta şirkətlərindən əldə etsinlər.


