Yeni Klinikada 3-cü “Lipid Masterklass” beynəlxalq elmi tədbiri keçirilib

Yeni Klinikada 3-cü “Lipid Masterklass” beynəlxalq elmi tədbiri keçirilib

Türkiyə Endokrinologiya və Metabolizma Dərnəyi ilə Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Yeni Klinikada 3-cü “Lipid Masterklass” beynəlxalq elmi tədbiri baş tutub. 

Tədbirin əsas məqsədi həkimlər arasında bilik və təcrübə mübadiləsini gücləndirmək, sübuta əsaslanan tibbi yanaşmaları klinik praktikaya inteqrasiya etmək, eləcə də Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığı daha da möhkəmləndirmək olub. 

Elmi platformada Türkiyədən dəvət olunmuş mütəxəssislərlə yanaşı ölkəmizin müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən həkimlər də iştirak ediblər. Tədbir kardiovaskulyar xəstəliklərin əsas risk faktorlarından biri olan dislipidemiyanın diaqnozu, müalicəsi və idarə olunması mövzusuna həsr olunub. 

Açılış mərasimində Yeni Klinikanın direktoru Barat Yusubov, Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri, uzman-endokrinoloq Xəyyam Eyvazov, Türkiyə Endokrinologiya və Metabolizma Dərnəyinin rəhbəri Prof. Dr. Erman Çakal və təşkilatın müvafiq tədqiqat qrupunun rəhbəri Prof. Dr. Alper Sönmez çıxış edərək bu kimi elmi platformaların regionda tibbin inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlar zamanı xüsusilə Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində mövcud olan sıx əməkdaşlığın daha da gücləndirilməsi, ortaq elmi təşəbbüslərin artırılması və təcrübə mübadiləsinin sistemli şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.

Üç paneldən ibarət elmi sessiyalar çərçivəsində lipid metabolizması və aterosklerozun patogenezi, ailəvi hiperxolesterinemiya, diabetik dislipidemiya və hipertrigliseridemiya kimi aktual mövzular geniş şəkildə müzakirə olunub. 

Eyni zamanda, dislipidemiyalı xəstələrin idarə olunması, həyat tərzi dəyişiklikləri, statin və digər lipid azaldıcı müalicələrə dair müasir və praktik yanaşmalar interaktiv formatda iştirakçılarla bölüşülüb. 
“Lipid Masterklass” çərçivəsində müasir klinik protokollar, regiona uyğun tibbi yanaşmalar və lipid pozuntularının müalicəsində son yeniliklər yerli və xarici mütəxəssislərin iştirakı ilə geniş şəkildə təqdim edilib. 

Tədbirin həm əyani, həm də onlayn formatda təşkili daha geniş həkim auditoriyasının elmi müzakirələrə qoşulmasına imkan yaradıb.