Yeni Klinikada “Autoimmun laboratoriyası” yaradılır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində laborator xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğun təşkili məqsədilə laboratoriyaların yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Laboratoriya xidmətlərinin yenidən təşkili Bakı şəhərindəki 12 müəssisədə həyata keçirilib
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, hemofiliyaya dair dövlət proqramı çərçivəsində isə 25 adda laborator xidmət ölkədə ilk dəfə tam avtomatlaşdırılmış sistem vasitəsilə icra olunur. O cümlədən Ağciyər Xəstəlikləri Mərkəzində vərəm diaqnostikası üzrə “Genexpert” testləri tətbiq edilir və bu çərçivədə 11 min 200 test icra olunub: "Ölkədə ilk dəfə “Autoimmun laboratoriyası” yaradılıb. Hazırda bu laboratoriya Mərkəzi Neftçilər Xəstəxanasında tam fəaliyyət göstərir, Yeni Klinika və Respublika Pediatriya Mərkəzində isə qurulma mərhələsindədir. Bununla yanaşı, molekulyar mikrobioloji laboratoriyalar (PZR) tibb müəssisələrində yenidən qurulub. Hazırda 5 müəssisədə PZR laboratoriyaları fəaliyyət göstərir və testlərin yerində icrası təmin olunur. Qeyd edim ki, 2020-ci ildən etibarən bu vaxta qədər TƏBİB-in tabeliyində olan heç bir tibb müəssisəsinin laboratoriyalarında PZR laboratoriyası fəaliyyət göstərməyib”.

