23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

1956-cı il istehsalı "Mercedes 300 SL" avtomobili Parisdə keçirilən hərraca çıxarılıb

Oxu.Az Fransanın "Artcurial" hərrac evinin saytına istinadən xəbər verir ki, superkarın vəziyyəti ideal olmasa da, qiymətin 5 milyon avroya qədər yüksəlməsi gözlənilir.

"Mercedes 300 SL Gullwing" superkarı son 23 ildir istifadə olunmayıb. Bu avtomobili altıqat Olimpiya çempionu, atıcılıq üzrə mütəxəssis, həmçinin Avropada "Coca-Cola"nın idxalçısı və Fəxri Legion Ordeninin Kavaleri Klod Füzye sifariş edib. O, avtomobilin ən yüksəksəviyyəli modelini seçib.

Bu avtomobil yüngül alüminium kuzova sahib olan yalnız 29 ədəd istehsal olunan modeldən biridir. O, həmçinin idman asqısı və 235 at qüvvəsinə malik daha güclü mühərriklə təchiz edilib.

Füzye "Mercedes 300 SL"i 1961-ci ildə satıb. Yeni sahibi avtomobili nadir hallarda sürüb və kupe 2003-cü ildən bəri istifadəyə verilməyib. Yürüşü cəmi 34 255 kilometrdir.

Bu nadir "Mercedes 300 SL" superkarı hazırda tozla örtülüb və bərpaya ehtiyac duyur. Lakin hələ də orijinal boya və dəri salonu olduğu kimi qalır və paslanmayıb.