Ağ çörəyin faydaları müəyyən edilib

Ağ çörəyin faydaları müəyyən edilib

"Ağ çörək pəhrizdən tamamilə çıxarılmamalıdır. Bu qida məhsulunun tərkibində B qrup vitaminləri, minerallar, zülallar və karbohidratlar mövcuddur. Bu isə orqanizmin, xüsusilə uşaqların, yeniyetmələrin və aktiv həyat tərzi sürən insanların enerji ehtiyacını ödəmək üçün vacibdir".

Oxu.Az xəbər verir ki, bu fikirləri Rusiya mətbuatına müsahibəsində diyetoloq Tatyana Solntseva səsləndirib.

Onun sözlərinə görə, ağ çörək sağlamlıq üçün zərərli hesab edilmir. "Kimyəvi tərkibinə baxdıqda görürük ki, ağ çörək B qrup vitaminləri, minerallar və zülallarla zəngindir, tərkibinin təxminən yarısı isə karbohidratlardan ibarətdir. Karbohidratlar gündəlik qida rasionunda ümumi kalori qəbulunun təxminən 60 faizini təşkil etməlidir. Çörək, xüsusilə tərəvəz, ət və ya yumurta ilə birlikdə qəbul edildikdə, orqanizmə enerji verir və onu dəstəkləyir. Bu cür kombinasiyalar səhər yeməyini və ya qəlyanaltını həm dolğun, həm də sağlam edir", - deyə həkim bildirib.

Mütəxəssis əlavə edib ki, ağ çörək mədə-bağırsaq problemləri olan insanlar üçün daha uyğundur. Onun sözlərinə görə, tünd çörək yüksək lif tərkibinə görə bu cür şəxslər üçün əks göstəriş yarada bilər.

Solntseva qeyd edib ki, artıq çəkisi olan və ya şəkərli diabetdən əziyyət çəkən şəxslər tam taxıllı və ya çovdar çörəyinə üstünlük verməlidirlər. "Ağ çörək isə balanslı qidalanmanın bir hissəsi kimi zülallar və tərəvəzlərlə birlikdə istehlak olunmalıdır", - deyə diyetoloq vurğulayıb.