Prosessorlar qızdıqca sürətini itirəcək – Intel-dən yeni qərar
Intel-in gələcək Nova Lake masaüstü prosessorları ilə bağlı yeni məlumatlar oyunçuları narahat edə bilər.
BusinessTime-ın məlumatına görə, çiplərin temperaturu 90°C-ni keçdikdə onların tezliyi 5,1 GHz-dən yuxarı qalxa bilməyəcək.
Məlumat hələ Intel tərəfindən rəsmi təsdiqlənməyib. Nova Lake prosessorlarının tam təqdimatının 2027-ci ilin yanvarında CES sərgisində keçirilməsi gözlənilir.
Bu məhdudiyyət adi “throttling”dən bir qədər fərqlənir. Adətən prosessor həddindən artıq qızdıqda öz tezliyini azaldır. Lakin Nova Lake-də iddia olunan 90°C həddi daha sərt olacaq və BIOS parametrləri ilə aradan qaldırıla bilməyəcək.
Bu isə yeni prosessorların istifadəçiləri üçün soyutma sisteminin əhəmiyyətini artıracaq. Prosessor 90°C-dən yuxarı temperaturda işləyərsə, onun tezliyi məhdudlaşdırılacaq və nəticədə xüsusilə oyunlarda maksimum performans əldə etmək çətinləşəcək.
Mütəxəssislər Intel-in bu qərarının səbəbini şirkətin əvvəlki Raptor Lake prosessorlarında yaşanan problemlərlə əlaqələndirirlər. Intel 2024-cü ildə 13-cü və 14-cü nəsil bəzi çiplərdə mikrokod xətası səbəbindən yüksək gərginlik və sabitsizlik problemlərini etiraf etmişdi.
Hazırda məlumat qeyri-rəsmidir. Lakin iddialar təsdiqlənərsə, Nova Lake istifadəçiləri üçün güclü və keyfiyyətli soyutma sistemi əvvəlkindən daha vacib olacaq.
M.Sadiq.


