“TotalEnergies”in Azərbaycandakı rəhbəri dəyişib
Fransanın enerji şirkəti “TotalEnergies”in Azərbaycandakı filialının rəhbərliyində dəyişiklik baş verib.
“TotalEnergies EP Absheron B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri vəzifəsinə Bertran Antuan Şimkovski (Bertrand Antoine Szymkowski) təyin edilib.
O, bu vəzifədə Emmanuel Pyer Odil de Qiybonu (Emmanuel Pierre Odile de Guillebon) əvəz edib.
Bertran Şimkovski 2026-cı ilin oktyabrından “TotalEnergies”in Azərbaycandakı baş meneceri vəzifəsini icra edir.
O, bundan əvvəl 2023-cü ilin sentyabrından 2026-cı ilin sentyabrına qədər şirkətin Anqoladakı “Block 32” layihəsinin direktoru olub. Bu vəzifədə gündəlik 140 min barel neft ekvivalenti hasilat gücünə malik aktivlərin idarə edilməsinə rəhbərlik edib. Layihə üzrə illik əməliyyat xərcləri 300 milyon dollar, kapital xərcləri isə 500 milyon dollar təşkil edib.
Şimkovski 2020–2023-cü illərdə Argentinada “Tierra del Fuego” aktivlərinin direktoru, 2017–2020-ci illərdə isə “Total Austral” şirkətinin əməliyyatlar üzrə meneceri olub. O, həmçinin 2014–2017-ci illərdə Anqolada “Pazflor FPSO” dəniz hasilat obyektinin əməliyyatlarına rəhbərlik edib.
Yeni rəhbər 1997–2000-ci illərdə Fransanın “Mines Paris – PSL” ali təhsil müəssisəsində magistr təhsili alıb.
“TotalEnergies” Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin ölkədə əsas fəaliyyəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının işlənməsi ilə bağlıdır.
Layihə hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilir. “TotalEnergies EP Absheron B.V.” layihədə 35%, SOCAR 35%, Birləşmiş Ərəb Əmirliklərinin ADNOC qrupuna daxil olan XRG isə 30% iştirak payına malikdir.
2011-ci ildə kəşf edilmiş “Abşeron” yatağında ilkin hasilata 2023-cü ilin iyulunda başlanılıb. Birinci mərhələnin illik hasilat gücü 1,5 milyard kubmetr qaz və gündəlik 12 min barel kondensat təşkil edir.
2026-cı il sentyabrın 26-da tərəfdaşlar yatağın tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarı qəbul ediblər.
İkinci mərhələnin 2029-cu ildə istismara verilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsi nəticəsində yataqda ümumi illik qaz hasilatının 6 milyard kubmetrə, gündəlik kondensat hasilatının isə 47 min barelə çatdırılması nəzərdə tutulur. Hasil ediləcək qazın bir hissəsi daxili bazara yönəldiləcək, digər hissəsi isə Türkiyəyə ixrac olunacaq.
“TotalEnergies” həmçinin Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərində 1,44% iştirak payına malikdir.
Banker.az


