ASA: İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb

ASA: İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb

Aprelin 4-6-da Azərbaycanda qeydə alınmış intensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 620 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 417-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 75-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 103-ü “Daşınmaz əmlakın icbari sığortası” növü, 25-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 442 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 311 min 720 manat həcmində müəyyənləşdirilib. Qalan 178 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi proqnozlaşdırılır.

Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 faizi paytaxt Bakıda, 29 faizi isə respublikamızın digər bölgələrində (xüsusilə Abşeron ərazisində) qeydə alınıb.