Azərbaycan nümayəndəsi UNECE-nin Dayanıqlı Enerji Komitəsinin vitse-sədri seçilib - FOTO

Azərbaycan nümayəndəsi UNECE-nin Dayanıqlı Enerji Komitəsinin vitse-sədri seçilib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova 16-20 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Dayanıqlı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib.

Tədbirin “COP29” və “SPECA Forum 2024”-ə doğru: Cənub-Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda enerji keçidinin sürətləndirilməsi” adlı panelində təqdimatla çıxış edən Rəna Hümbətova tədbirdə enerji keçidi ilə əlaqədar planlar barədə məlumat verib, həmçinin ölkəmizdə istifadə edilməsi nəzərdə tutulan yaşıl texnologiyaların tətbiqi ilə əlaqədar ehtiyac və üstünlüklər barədə danışıb.

Daha sonra Dayanıqlı Enerji Komitəsinin 33-cü iclası çərçivəsində UNECE-nin Dayanıqlı Enerji Komitəsinin seçkisi keçirilib. Seçki nəticəsində Rəna Hümbətova Komitənin vitse-sədri seçilib.

Seçkidən dərhal sonra “Gələcəyə baxış: Davamlı Enerji Komitəsinin görəcəyi işlər” ilə bağlı sessiya keçirilib. Sessiyada yeni seçilmiş Komitənin sədr və sədr-müavinləri növbəti dövr üzrə dayanıqlı enerji sahəsində əsas hesab olunan istiqamətlərin inkişafına dair yanaşmalar barədə müzakirələr aparıb. Adıçəkilən sessiyada Rəna Hümbətova UNECE-nin Dayanıqlı Enerji Komitəsinə yeni seçilmiş vitse-sədr olaraq enerji keçidinin sürətləndirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayaraq, yaşıl enerji dəhlizlər konsepsiyası və həmin konsepsiyanın ayrılmaz hissəsi olan hidrogen enerjisindən danışıb.