Bakıda əlillər üçün olan pandusların bir hissəsi standartlara uyğun deyil - HESABAT
Bakıda bir çox obyektlərdə quraşdırılmış bəzi pandus və rampalar standartlara uyğun deyil.
BusinessTime xəbər verir ki, bu barədə Ombudsman Aparatının əlilliyi olan şəxslər üçün keçirdiyi müyəssərliyi ilə əlaqədar monitorinq hesabatında qeyd olunub.
Bildirilib ki, sözügedən çətinlik səbəbindən əlilliyi olan şəxslərin infrastrukturdan müstəqil istifadəsi üçün müəyyən çətinliklərin yarandığı müşahidə edilib.
Monitorinq zamanı Dənizkənarı Milli Park və orada yerləşən iki iri ticarət obyekti, habelə Qız qalasının ətrafı, Fəvvarələr meydanı, Xaqani bağı, Azneft meydanının ətraf ərazilərinə baxış keçirilərək mövcud infrastrukturun müyəssərliyi qiymətləndirilib.
Bu məqsədlə həmin ərazi üzrə ictimai nəqliyyat, turizm, rekreasiya, istirahət və əyləncə infrastrukturu, yeraltı və yerüstü keçidlər, ictimai sanitar qovşaqlar, avtobus dayanacaqları, liftlər, işıqforlar, habelə informasiya təminatı üçün quraşdırılan lövhələr və mövcud saytlara baxış keçirilib. Eyni zamanda, hərəkət məhdudiyyətli şəxslərlə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərin ehtiyaclarının nəzərə alınıb-alınmaması kimi məsələlər diqqətdə saxlanılıb.
Monitorinqin nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlanıb.


