“Bank Respublika”nın “AccessBank”ı alması bank sektorunda dayanıqlığı artıra bilər - AMB
“Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100%-nin alınması ilə bağlı sövdələşmə Azərbaycan bank sektorunda konsolidasiya proseslərinin maliyyə dayanıqlığı və effektivliyinin artırılmasına töhfə verə bilər.
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu kimi əməliyyatlar qiymətləndirilərkən konsolidasiya nəticəsində formalaşan bankın kapital və likvidlik mövqeyi, aktivlərinin keyfiyyəti, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemləri, həmçinin prudensial tələblərə davamlı uyğunluğu əsas diqqət mərkəzində saxlanılır.
AMB belə sövdələşmələrin bütövlükdə bank sektorunun dayanıqlığına və sistem risklərinə mümkün təsirlərini də nəzərə alır.
Mərkəzi Bank vurğulayıb ki, konsolidasiya proseslərinin maliyyə sabitliyinə xələl gətirməməsi, bankların sağlam və dayanıqlı fəaliyyətinin təmin edilməsi, eyni zamanda bank xidmətləri bazarında səmərəli rəqabət mühitinin qorunması əsas prioritetlərdəndir. (APA)


