"Bank VTB Azərbaycan" nizamnamə kapitalını 221 milyon manat azaldır - Səbəb nə ola bilər?

"Bank VTB Azərbaycan" nizamnamə kapitalını 221 milyon manat azaldır

Bu yaxınlarda “Bank VTB (Azərbaycan)” nizamnamə kapitalının 315 milyon 815 min manatdan 94 milyon 744,5 min manata endirilməsi ilə bağlı qərar qəbul etdi. Bu, 221 milyon 70,5 min manatlıq azalma deməkdir.

Bank bu qərarı kapital strukturunun cari maliyyə göstəricilərinə uyğunlaşdırılması və səhmdarlara dividend ödənilməsi ilə əlaqələndirib. Həmçinin bildirib ki, nizamnamə kapitalı müəyyən edilmiş minimum normadan dəfələrlə yüksəkdir, bank 2020-ci ildən etibarən hər maliyyə ilini mənfəətlə başa vurub və maliyyə dayanıqlığını qoruyub.

Ümumiyyətlə, bank hansı hallarda nizamnamə kapitalının azaldılmasına gedə bilər? Bu, bank sektorunda normal maliyyə idarəetməsi praktikası hesab olunurmu?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, qanunvericiliyə əsasən, bankın xalis aktivləri nizamnamə kapitalından az olduqda nizamnamə kapitalı azaldılmalıdır:

"Bu, faktiki olaraq, bankın zərərlə işləməsi deməkdir. Yəni, nizamnamə kapitalında göstərilən vəsaitin bir hissəsi artıq itirilib və buna görə də kapitalın azaldılması zərurəti yaranır. Bu, Mülki Məcəllənin tələbidir. Digər halda isə nizamnamə kapitalı səhmdarların öz vəsaitlərini çıxarmaq istəməsi ilə əlaqədar azaldıla bilər. Birinci halda vəsait artıq faktiki olaraq yoxdur, yəni itirilib. İkinci halda isə vəsait mövcuddur, lakin səhmdarlar onu biznesdən çıxarmaq istəyirlər. Bu da səhmdarların həmin biznesin gələcək perspektivlərini yüksək qiymətləndirmədiyini göstərə bilər. Fərqi yoxdur, söhbət bank sektorundan, yoxsa başqa sahədən gedir. Ancaq Azərbaycanda bank sektorunda nizamnamə kapitalının azaldılması geniş yayılmış praktika deyil. Bu, ya bankın zərərlə işləməsi, ya da səhmdarların fəaliyyətin gələcək perspektivlərini qənaətbəxş hesab etməyərək vəsaitlərini çıxarmaq istəməsi ilə bağlı ola bilər".

Ə.Həsənov vurğulayıb ki, bank mənfəətlə işləyirsə, kapitalın azaldılması səhmdarların gələcək perspektivləri yüksək qiymətləndirməməsi və vəsaitlərinin bir hissəsini çıxarmaq istəməsi ilə izah oluna bilər:

"VTB Bank ilə bağlı vəziyyəti də bu kontekstdə qiymətləndirmək olar. VTB Rusiya bankıdır, sanksiyalar altındadır və Azərbaycandakı fəaliyyətinin perspektivlərini məhdud hesab edə bilər. Bu baxımdan, nizamnamə kapitalının azaldılmasını Rusiyanın VTB bankının vəsaitinin bir hissəsini Azərbaycandan çıxarması kimi də başa düşmək olar. Rusiyadakı mövcud vəziyyəti nəzərə alsaq, bankın həmin vəsaitə ehtiyacı ola bilər. Mən bunu bu şəkildə şərh edərdim".

"Eyni zamanda, Mərkəzi Bankın bankların məcmu kapitalına dair minimum tələbi 50 milyon manatdır. Əsas məsələ bankın bu tələbə riayət etməsidir. Əgər məcmu kapital müəyyən edilmiş minimum həddən aşağı düşmürsə, prinsip etibarilə, Mərkəzi Bankın tələbləri və bank qanunvericiliyi baxımından problem yaranmır. Burada əsas məsələ konkret bankın gələcək perspektivləridir. Adətən banklar fəaliyyətlərini genişləndirmək üçün kapitalı azaltmağa deyil, əksinə, artırmağa çalışırlar", - deyə ekspert əlavə edib.