Bayram günlərində 1 milyon manatdan çox sığorta zərəri qeydə alınıb - ASA
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar 31 dekabr – 4 yanvar qeyri-iş günlərində ölkədə 2 mindən çox sığorta hadisəsi və müvafiq olaraq 1 milyon manatdan çox zərər qeydə alınıb.
Bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.
Məlumata görə, ölkə əhalisinin bayram şənlikləri və səyahətləri zamanı müxtəlif bədbəxt hadisələr qeydə alınıb və sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara ciddi zərər dəyib. Ümumilikdə 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2 156 müraciət daxil olub. Bu müraciətlərin 1 876-sı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 260-ı "Kasko" sığorta növü, 15-i "Daşınmaz əmlakın icbari sığortası" növü, 5-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, 1 237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat müəyyənləşdirilib. Qalan 919 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 2 milyon manatı ötəcəyi ehtimal olunur.
Hesabat dövründə sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70 %-i paytaxt Bakıda, 30 %-i isə respublikamızın şimal dağətəyi ərazilərində qeydə alınıb.

