BNA: «Son 6 ildə paytaxtda daşıyıcıların sayı 3 dəfə azaldılıb»

BNA: «Son 6 ildə paytaxtda daşıyıcıların sayı 3 dəfə azaldılıb»

"Paytaxtda sərnişindaşıma üzrə aparılan optimallaşdırma işləri nəticəsində son 6 ildə daşıyıcı sayı 57-dən 21-ə qədər azaldılıb".

BusinessTime xəbər verir ki, bunu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu addımın bir sıra müsbət cəhətləri var: "Xüsusən də nəzarət və tənzimləmə mexanizimlərinin gücləndirilməsi və səmərəli təşkili baxımından bu çox faydalıdır. Bakı şəhərində müntəzəm sərnişindaşımalara dair tələblər mövcuddur. Bu tələblər Nazirlər Kabinetinin 3 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilib. İctimai nəqliyyat istifadəçilərinin rahatlığı və təhlükəsizliyi baxımından bu tələblərinin hər biri vacibdir. Sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılar da mütləq qaydada işlərini bu tələbləri əsas götürərək qurmalıdır. Bu tələblərin icrası elə daşıyıcıların özləri üçün də faydalıdır. İşini tələblərə uyğun qurmayan daşıyıcılarla bağlı hansı tədbirlərin görüldüyü bəllidir. Əvvəlki illərin təcrübəsinə baxdıqda bununla bağlı nümunələr görmək mümkündür. Məsələn 11, 24 və 30 nömrəli xətt üzrə dəyişiklikləri misal göstərə bilərəm".

"Bizim üçün vətəndaşların rahatlığı vacibdir. Buna görə də tələblərə riayət etməyən daşıyıcılar birmənalı olaraq marşrut şəbəkəsindən kənarlaşdırılacaq",- M.Ağayev əlavə edib.