Daha bir küçə təmir edilir

Daha bir küçə təmir edilir

2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu ərazisindəki Zığ qəsəbəsində İdris Süleymanov küçəsində təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, uzunluğu 1000 metr, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məlumata əsasən, yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.

İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Layihəyə uyğun olaraq, küçədə yeni yağış barmaqlıqlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də görülür.

Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir olunub. 2022-ci ildə isə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu 12,5 kilometr təşkil edir.