Dövlət Əmək Müfəttişliyi Xidməti 106 yaşında!
Bu gün Dövlət Əmək Müfəttişliyi Xidmətinin 106 yaşı tamam olur.
1919-cu il avqustun 5-də AXC Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi.
Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi fəaliyyət göstərirdi. AXC parlamentinin 1918-ci il 7 dekabr tarixli “Fəhlə məsələsi haqqında” qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdi.
90-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət təsisatlarının yenidən təskilinə başlanıldı. 1997-ci il 27 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi (DƏM) yaradıldı. 2011-ci ildə isə DƏM-in bazasında ƏƏSMN yanında Dövlət Əmək Müfəttisliyi Xidməti (DƏMX) təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir.
DƏMX mülkiyyət və təskilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən hüquqi səxslər, xarici hüquqi səxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (işəgötürənlər) tərəfindən Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. DƏMX vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarsılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
DƏMX əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında istirak edir.
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir.
Xidmətin aparatı, regional şöbələr və Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti DƏMX-in vahid sistemini təşkil edir. Xidmətə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.
Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini vardır. Xidmətin yerli orqanlarının rəisləri Xidmətin rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Hazırda Xidmətdə 195 müfəttiş çalışır (rəhbər vəzifədə çalışanlar da daxil olmaqla). Onlardan 140 nəfəri kişi, 55 nəfəri isə qadınlardır.

