Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 37 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Vilayət Əli oğluna məxsus “Proteinshop .az” idman qidaları satışı mağazasında plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı ticarət obyektində 20 adda 645 ədəd bioloji aktiv qida məhsulunun (BAQM) qeyri-rəsmi yollarla və müvafiq sənədləşmə aparılmadan ölkə ərazisinə gətirildiyi məlum olub. Məhsulların dövlət qeydiyyatı və idxal sağlamlıq aktları, həmçinin Azərbaycan dilində etiket məlumatları olmadan satışa çıxarıldığı aşkarlanıb.
Bundan əlavə, dövlət qeydiyyatı olan, lakin partiya nömrəsi üzrə idxal sağlamlıq aktı olmayan 4 adda 29 ədəd BAQM da müəyyən edilib.
Məhsulların tərkibində qadağan olunmuş maddələrin mövcudluğunun, eləcə də etiket məlumatlarında göstərilən mineral və vitaminlərin miqdarının faktiki tərkibinə uyğunluğunun müəyyən edilməsi məqsədilə nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı inzibati protokol tərtib edilib. Qanunvericiliyin tələblərinə cavab verməyən BAQM-ların satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib.