Yeni xidmət və funksionallıqlar təqdim ediləcək
Yaxın zamanda “Mobil notariat” tətbiqi vasitəsilə vətəndaşlara yeni xidmət və funksionallıqların təqdim edilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Ədliyyə Nazirliyinin təqdim etdiyi “Mobil Notariat” tətbiqinin istifadəçilərinin sayı 1 milyon 254 minə çatıb. Bu ilin 11 ayı ərzində istifadəçilərin artım faizi 70% təşkil edir. Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə tətbiqin istifadəçilərinin sayı 66% artıb.
Qeyd edilib ki, “Mobil notariat” tətbiqi notariat hərəkətlərinin rəqəmsal formada həyata keçirilməsi məqsədilə sənədlər üzrə əməliyyatların aparılması istiqamətində vətəndaşlar üçün sürətli imkanlar yaradır. Tətbiq vətəndaşlara etibarnamə, ərizə və digər sənədləri elektron qaydada rəsmiləşdirmək imkanı verir.
İstifadəçilər 24/7 rejimində fasiləsiz, həftəsonları və bayram günləri də daxil olmaqla “Mobil notariat” tətbiqinin xidmətlərindən istifadə edə bilərlər. Həmçinin istifadəçilər platformada öz cari sənədlərinə nəzarət edə, onların statusu ilə bağlı əməliyyatlar apara və sənədlərin qüvvədən düşməsi ilə bağlı məlumatı dərhal əldə edə bilərlər.
“Mobil notariat” tətbiqi vasitəsilə hazırda 17 notariat xidməti elektron qaydada rəsmiləşdirilir. Bu xidmətlərə nəqliyyatdan istifadə və sərəncam etibarnaməsi, daşınmaz əmlaka sərəncam etibarnaməsi, vəkil etibarnaməsi, bank etibarnaməsi, vərəsəlik etibarnaməsi, qurumlarda təmsilçilik etibarnaməsi, dərmanların alınması üçün etibarnamələr, eləcə də azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi, azyaşlıya pasportun verilmə ərizəsi, daşınmaz əmlaka sərəncam ərizəsi, ərizədən imtina ərizəsi, yaşayış sahəsində qeydiyyata alınma ərizəsi, təhsil-tələbə krediti ərizəsi, kirayə müqaviləsi, etibarnaməyə xitam ərizəsi və sərbəst məzmunlu ərizələr daxildir.

