ANAMA-dan vergi borcu olan şirkətə 857 min manatlıq sifariş

ANAMA-dan vergi borcu olan şirkətə 857 min manatlıq sifariş

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ot biçən traktorların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Alfa Motors Company" MMC seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 857 000 manatdır. ANAMA bu məbləğə 10 ədəd traktor alacaq. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Alfa Motors Company" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xalıqov Mehdi Pərvaz oğludur. 

"Alfa Motors Company" MMC-nin rəsmi internet səhifəsində şirkətin xüsusi təyinatlı texnikaların idxalı və satışı ilə məşğul olduğu qeyd edilib. Lakin şirkət müxtəlif qurumların avtomobillərin satın alınması ilə bağlı keçirdiyi tendelərin də qalibi seçilib. MMC-nin rəhbəri Mehdi Xalıqov haqqında isə heç bir məlumata rast gəlinmir. 

Araşdırmalarımız zamanı məlum olub ki, Mehdi Xalıqov "İnam Sığorta Agentliyi"nin rəhbəri olmuş Fərid Xalıqovun qardaşıdır. "İnam Sığorta Agentliyi" 2022-ci ildə ləğv edilib. 

Vergi sistemində "Alfa Motors Company" MMC-nin 9 363,29 manat vergi borcunun olduğu göstərilir. Qanunvericilik vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımızdan görünür ki, "Alfa Motors Company" MMC cari ildə 2, ötən il isə 4 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 100 724 manatdır.