Azərbaycanda biznesin maliyyələşməsi üçün yeni imkanlar
Mərkəzi Bankın rəhbər heyəti Azərbaycanda səfərdə olan Dünya Bankının İş Yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) Missiyasının nümayəndələri ilə görüşüb.
Səfər çərçivəsində FINGROW proqramı üzrə məsləhətləşmələr davam etdirilib, kredit təminatı mexanizminin təkmilləşdirilməsi və kapital maliyyələşdirilməsi komponentlərinin tətbiqi istiqamətində zəruri dəstək mexanizmləri, maliyyə sektorunda prudensial tənzimləmə siyasəti, eləcə də təklif olunan kredit zəmanət mexanizminin biznesin maliyyəyə əlçatanlılığına təsiri məsələləri müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycanda maliyyə sektorunun inkişafına və özəl sektorun artımına töhfə verəcək birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dünya Bankının FINGROW proqramı rəqəmsal ödənişlər, kreditləşmə və risklərin azaldılması, habelə kapital maliyyələşdirilməsi vasitəsilə Avropa və Mərkəzi Asiya regionunda maliyyəyə çıxışın genişləndirilməsini və iş yerlərinin yaradılmasının dəstəklənməsini nəzərdə tutan regional təşəbbüsdür.


