Azərbaycanda sığorta şirkətləri üçün vahid standartlar müəyyənləşdirilir

Azərbaycanda bütün sığorta şirkətləri üçün vahid standartlar müəyyən ediləcək.

İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktorunun müavini Seymur Mirzəyev 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatın təqdimatında sığorta hadisələrinin qiymətləndirilməsi ilə bağlı mövcud problemlərə toxunub.

Onun sözlərinə görə, sığorta hadisələrinin dəyərləndirilməsi ilə bağlı narazılıqlar demək olar ki, dünyanın bütün ölkələrində müşahidə olunur. “Bu, əsasən sığorta şirkətləri ilə vətəndaşların hesablamalarının bəzən üst-üstə düşməməsi ilə bağlıdır. Nəticədə sığorta ödənişlərinin məbləği sığortalını qane etməyə bilər və narazılıq yaranır”.

O qeyd edib ki, qiymət fərqlərinin yaranması təbii səbəblərlə izah olunur: “Sığorta şirkətləri əməkdaşlıq etdikləri avtomobil təmir müəssisələrinə aylıq olaraq böyük dövriyyə təqdim edir, vətəndaş isə məsələyə fərdi yanaşır. Bu baxımdan qiymət fərqləri qaçılmazdır”.

S.Mirzəyev vurğulayıb ki, hazırda sığorta ödənişlərinin standartlaşdırılması və tənzimlənməsi istiqamətində layihə üzərində iş aparılır. “Layihə çərçivəsində bütün sığorta şirkətləri üçün vahid standartlar müəyyən ediləcək. Ən yaxşı təcrübələri toplayaraq onların bütün sığorta şirkətlərində tətbiqinə nail olmağa çalışırıq”.

Onun sözlərinə görə, bu yanaşma vətəndaşların sığorta hadisəsinin hansı şirkətdə baş verməsindən asılı olmayaraq eyni keyfiyyətdə xidmət almasını təmin edəcək.

“Layihə üzrə işlər hazırda davam etdirilir. Nəticəsi barədə ictimaiyyəti məlumatlandıracağıq”, – deyə İSB rəsmisi qeyd edib.