Bağırsaq sağlamlığının əsas düşmənləri: Hansı amillər xərçəng yaradır?

Bağırsaq sağlamlığının əsas düşmənləri:

Rusiyalı onkoloq və proktoloq Aleksandr Qriqoryev bağırsaq xərçənginə səbəb olan əsas amilləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Lenta.ru" nəşrinə müsahibəsində danışıb və bağırsaq sağlamlığının əsas düşmənlərini sadalayıb:

"Siqaret çəkən şəxslərdə bağırsaq xərçəngi riski daha yüksəkdir. Çünki onlar hər siqaret və ya veyp istifadəsi zamanı orqanizmə çox miqdarda kanserogen maddə qəbul edirlər. Alkoqolun da bağırsaqda şiş proseslərinə səbəb olma ehtimalı tütün məmulatları qədər yüksəkdir".

Onkoloqun sözlərinə görə, xərçəngin yaranmasına təkan verən digər amillər xroniki babasil, anal çatları, iltihabi proseslər və bağırsaq polipləridir. Qriqoryev izah edib ki, böyüməyə və bədxassəli törəmələrə çevrilməyə meylli olan poliplər xüsusilə təhlükəlidir.

Həkim həmçinin az hərəkətli həyat tərzini və artıq çəkini də ciddi risk faktorları kimi göstərib. Bu amillər bağırsaq əzələlərini zəiflədir, metabolizmi ləngidir və xərçəngin inkişafı ilə sıx əlaqəli olan müxtəlif proktoloji xəstəliklərin yaranmasına zəmin hazırlayır.