Bu, Azərbaycanda idarəetmənin yenilənməsini hədəfləyir - Şərh

Bu, Azərbaycanda idarəetmənin yenilənməsini hədəfləyir

“Rəqəmsallaşma yalnız texniki yenilik deyil, bütövlükdə idarəetmə fəlsəfəsinin dəyişməsi deməkdir. Dövlət xidmətlərinin elektron mühitə keçirilməsi, məlumatların vahid sistem üzərindən idarə olunması, süni intellekt əsaslı analitik mexanizmlərin qərarvermə prosesinə inteqrasiyası idarəetmədə çevikliyi və şəffaflığı artırır. Elektron hökumət platformalarının inkişafı və xidmətlərin rəqəmsallaşdırılması vətəndaşların dövlət qurumlarına çıxışını asanlaşdırır, vaxt itkisini azaldır və insan faktorundan qaynaqlanan subyektiv halların qarşısını alır. Bu proses vətəndaş–dövlət münasibətlərini daha operativ və səmərəli edir, ictimai etimadı daha da gücləndirir”.

Bunu Ölkə.az-a açıqlamsında deputat Asif Əsgərov deyib.

Onun sözlərinə görə, iqtisadi baxımdan rəqəmsal transformasiya qeyri-neft sektorunun inkişafına güclü təkan verir və iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirir. “Startap ekosisteminin genişlənməsi, innovativ sahibkarlığın təşviqi, texnologiya əsaslı biznes modellərinin formalaşması və rəqəmsal platformalar üzərindən xidmət ixracı yeni iş yerlərinin yaranmasına səbəb olur. Elektron ticarətin inkişafı, maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal ödəniş sistemlərinin genişlənməsi biznes mühitini daha dinamik edir. Xüsusilə gənclərin informasiya texnologiyaları sahəsinə marağının artması ölkənin insan kapitalının güclənməsinə, yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına xidmət edir. Rəqəmsal iqtisadiyyatın payının artması ümumi daxili məhsulun strukturunda balansın təmin olunmasına, innovasiya əsaslı artım modelinin formalaşmasına imkan yaradır”, - o vurğulayıb.

 Deputat əlavə edib ki, Azərbaycanın coğrafi mövqeyi də rəqəmsal potensial baxımından mühüm üstünlüklər yaradır: “Asiya ilə Avropa arasında yerləşmə yalnız fiziki tranzit imkanları ilə məhdudlaşmır, bu mövqe, eyni zamanda məlumat axınının ötürülməsi üçün alternativ rəqəmsal marşrutların formalaşdırılmasına şərait yaradır. Regional nəqliyyat və enerji layihələri çərçivəsində yaradılmış geniş infrastruktur bazası rəqəmsal kommunikasiya şəbəkələrinin inkişafı üçün möhkəm təməl rolunu oynayır. Fiber-optik xətlərin genişləndirilməsi, beynəlxalq məlumat ötürmə kanallarının şaxələndirilməsi ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivini gücləndirir və informasiya təhlükəsizliyi baxımından əlavə üstünlüklər yaradır”.
O əlavə edib ki, bu kontekstdə Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə irəli sürülən rəqəmsal inkişaf strategiyası ölkəmizin gələcək onilliklər üçün prioritetlərini müəyyənləşdirən mühüm siyasi xətt kimi dəyərləndirilir: “Bu strategiya ölkənin uzunmüddətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsinə çevrilərək iqtisadiyyatın modernləşdirilməsini və idarəetmənin yenilənməsini hədəfləyir”.

Deputat hesab edir ki, rəqəmsal transformasiya Azərbaycan üçün alternativ deyil, zəruri və strateji inkişaf mərhələsidir. “Texnologiyaya əsaslanan iqtisadi model, innovativ idarəetmə yanaşması, güclü enerji təminatı və inkişaf etmiş insan kapitalı ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edəcək əsas faktorlar kimi çıxış edir. Bu strategiyanın ardıcıl və sistemli icrası Azərbaycanın qlobal rəqəmsal proseslərdə rəqabət qabiliyyətini artıracaq, onu regionda innovasiya və texnoloji inkişaf mərkəzlərindən birinə çevirəcək”.