Dahi liderin işığında inkişaf edən Azərbaycan
Azərbaycan xalqının tarixində müstəsna xidmətləri ilə silinməz iz qoymuş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ölkəmizdə böyük ehtiram və minnətdarlıq hissi ilə qeyd olunur. Dövlətçilik tariximizin ən şərəfli səhifələri məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Onun uzaqgörən siyasəti, zəngin idarəçilik təcrübəsi və xalqına sonsuz sevgisi Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində həlledici rol oynamışdır.
Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının rifahına və dövlətimizin inkişafına həsr etmiş dahi şəxsiyyət idi. O, hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın iqtisadi, elmi və mədəni inkişafına böyük töhfələr vermiş, milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevrilmişdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni ağır böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi. Onun qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycanda sabitlik bərqərar olundu, dövlət institutları möhkəmləndirildi və müstəqilliyimizin əbədi olması üçün möhkəm təməl yaradıldı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin gələcək tərəqqisinə geniş imkanlar açdı.
Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan dilinin inkişafına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirirdi. Onun “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” fikri bu gün də öz aktuallığını qoruyur.
Dahi liderin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Onun zəngin siyasi irsi gələcək nəsillər üçün əsl dövlətçilik məktəbi və vətənə xidmət nümunəsidir. Heydər Əliyevin ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmağa davam edir və xalqımız onun əziz xatirəsini dərin hörmətlə yad edir.
Aslan Abbaszadə
FaktorNews xəbər portalının təsisçisi və Baş Redaktoru


