Konstitusiyamız – müstəqil Azərbaycanın dövlətçilik yolunun hüquqi təməli

Konstitusiyamız –

Konstitusiyamız Azərbaycanın müstəqilliyinin qorunması, milli maraqlarının təmin edilməsi və gələcək inkişafının istiqamətləndirilməsi üçün etibarlı hüquqi bünövrə rolunu oynayır.

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqil dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan fundamental hüquqi sənəddir.

Bu sənəd Azərbaycanın dövlət quruluşunun əsaslarını müəyyən etməklə yanaşı, milli inkişaf strategiyasının hüquqi istiqamətlərini də formalaşdırmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya müstəqil dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcını qoymuşdur. Həmin dövrdə ölkənin qarşılaşdığı mürəkkəb siyasi və iqtisadi problemlər vahid hüquqi sistemin yaradılmasını zəruri edirdi. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması dövlətçilik tariximizin mühüm hadisəsinə çevrildi. Ulu Öndər müasir dünyanın demokratik prinsiplərini Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri ilə uzlaşdıraraq mükəmməl hüquqi əsas yaratmağa nail oldu. Referendumda seçicilərin 91,9 faizinin Konstitusiyanın qəbulunu dəstəkləməsi sənədin ümumxalq iradəsinə əsaslandığını nümayiş etdirdi. Konstitusiyanın qüvvəyə minməsi ölkədə dövlət hakimiyyəti institutlarının fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirdi. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi demokratik idarəçilik sisteminin əsas prinsiplərindən biri kimi təsbit edildi.

Eyni zamanda, qanunun aliliyi və dövlət orqanlarının məsuliyyəti hüquqi dövlət quruculuğunun başlıca istiqamətlərinə çevrildi. Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquqlarının geniş şəkildə qorunmasına təminat yaratmasıdır. Əsas Qanunun 48 maddəsinin bilavasitə insan hüquqları və onların təminatlarına həsr edilməsi bu məsələyə verilən xüsusi əhəmiyyəti göstərir. Ölkəmizdə yaşayan hər bir şəxsin hüquq və azadlıqlarının dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq tanınması demokratik cəmiyyətin əsas göstəricilərindəndir. Sonrakı illərdə Konstitusiyaya referendumlar vasitəsilə edilmiş dəyişikliklər hüquqi sistemin yeni ictimai-siyasi reallıqlara uyğunlaşdırılmasına xidmət etmişdir.

Bu dəyişikliklər idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, sosial dövlət prinsiplərinin inkişafı və vətəndaş hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyət daşımışdır. Konstitusiya Məhkəməsinin yaradılması isə konstitusiya nəzarətinin institusional əsaslarını formalaşdırmışdır. Bu təsisatın fəaliyyəti Konstitusiyanın hüquqi qüvvəsinin qorunması və qanunvericilik normalarının Əsas Qanuna uyğunluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Konstitusiyanın ölkənin bütün ərazilərində hüquqi qüvvəsinin təmin olunması üçün yeni imkanlar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin bu mühüm nailiyyətlərinin siyasi və hüquqi baxımdan qiymətləndirilməsinə xidmət etmişdir. Bu gün Konstitusiyamız Azərbaycanın müstəqilliyinin qorunması, milli maraqlarının təmin edilməsi və gələcək inkişafının istiqamətləndirilməsi üçün etibarlı hüquqi bünövrə olaraq qalır.

Tural Qafarlı
Neftçala rayonu