COP31-də Bakı üzrə ekoloji bərpa layihəsi və regional əməkdaşlıq müzakirə olunub

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda şəhərlərin ekoloji dayanıqlılığı müzakirə edilib. Tədbirdə Dünya Bankı ilə hazırlanan “Yaşanılabilən Bakı” layihəsi barədə məlumat verilib.

COP31-də Bakı üzrə ekoloji bərpa layihəsi və regional əməkdaşlıq müzakirə olunub
Foto: İqtisadiyyat Nazirliyi

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda Bakının ekoloji bərpası və regional əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə BusinessTime İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin təşkil etdiyi panel müzakirəsi Azərbaycanın yaşanılabilən Bakı modeli və regionun ortaq yaşıl prioritetlərinə həsr edilib. Tədbirdə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov şəhərlərin ekoloji dayanıqlılığının gücləndirilməsi və çirklənmiş ərazilərin bərpası üzrə işlərdən danışıb.

Nazir müşaviri daha əlverişli yaşayış mühitinin yaradılmasının əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu sahədə təcrübəsindən bəhs edib. O, həmçinin kompleks yanaşmanın tətbiqi, iqlim dəyişmələrinin təsirinin azaldılması və regional əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunub.

Paneldə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmaqda olan “Yaşanılabilən Bakı” layihəsi barədə də məlumat verilib. Layihənin tullantıların idarə olunması, çirklənmiş göllərin və torpaq sahələrinin bərpası baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Layihə ekoloji vəziyyətin yaxşılaşdırılması və dayanıqlı şəhər mühitinin inkişafı baxımından da müzakirə edilib. Azərbaycan pavilyonunda layihəyə dair məlumatlar nümayiş olunub.