Neftçilər Günü ilə əlaqədar Bakı Energetika Kollecində görüş keçirilib

Neftçilər Günü ilə əlaqədar Bakı Energetika Kollecində görüş keçirilib

20 sentyabr – Neftçilər Günü ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Bakı Energetika Kollecində tanınmış azərbaycanlı geoloq Saleh Orucov və bir sıra neftçi mütəxəssislərin iştirakı ilə pedaqoji heyət və tələbələrlə görüş keçirilib.

Başda Zümrüd Vəliyeva olmaqla kollec rəhbərliyinin təşəbbüsü ilə keçirilən görüşdə neft-qaz sektorunun müasir vəziyyəti və inkişaf perspektivləri, quyulara geoloji-texnoloji nəzarət üsulları, quyuların tamamlanması metodları, texniki təhlükəsizlik qaydaları və sahə üzrə digər aktual məsələlər müzakirə olunub.

Tədbir zamanı tələbə və müəllimlərin iştirakı ilə mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv müzakirələr təşkil olunub və iştirakçıların sualları cavablandırılıb.

Peşəkar neftçi mütəxəssislər neft-qaz sənayesində əldə etdikləri bilik və praktiki təcrübəni tələbə və pedaqoji heyətlə bölüşüblər. Görüş tələbələrin ixtisas üzrə nəzəri biliklərinin praktik təcrübə ilə möhkəmləndirilməsi, onların neft-qaz sənayesinin müasir tələbləri barədə məlumatlandırılması baxımından əhəmiyyətli olub.

Sonda tədbir iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.