Nüvə partlayışı Yer kürəsini asteroid təhlükəsindən xilas edə bilər - AMMA BİR ŞƏRTLƏ

Nüvə partlayışı Yer kürəsini asteroid təhlükəsindən xilas edə bilər

Böyük asteroidin Yerlə toqquşması planetimiz üçün ciddi fəlakətə səbəb ola bilər.

BusinessTime-ın xəbərinə görə, alimlər belə təhlükənin qarşısını almaq üçün mümkün üsullardan biri kimi asteroidin yaxınlığında nüvə partlayışından istifadəni nəzərdən keçirirlər.

Yeni araşdırmaya görə, nüvə partlayışı nəticəsində yaranan güclü rentgen şüalanması asteroidin səthini qızdırır. Bunun nəticəsində səthdəki maddənin bir hissəsi buxarlanır və yaranan reaksiya asteroidə əlavə impuls verərək onun trayektoriyasını dəyişə bilər. Düzgün hesablamalar aparılarsa, asteroid Yerin təhlükəsiz məsafəsindən keçə bilər.

Lakin yeni tədqiqat göstərib ki, burada partlayışın asteroidin hansı tərəfindən həyata keçirilməsi həlledici əhəmiyyət daşıya bilər.

Alimlərin fikrincə, real asteroidlər kompüter modellərində tez-tez istifadə olunan hamar kürələrə bənzəmir. Onların səthi kələ-kötür, qabarıq və çökəkliklərlə doludur. Bu xüsusiyyətlər nüvə partlayışından yaranan rentgen şüalarının səthə təsirini dəyişir.

Səthin müxtəlif hissələrinin fərqli şəkildə qızması nəticəsində maddə bərabər şəkildə xaric olmaya bilər. Bu isə asteroidin hərəkət istiqamətinə təsirin gözlənilən nəticədən fərqli olmasına, hətta onun fırlanma sürətinin dəyişməsinə səbəb ola bilər.

Aparılan simulyasiyaların birində asteroidə bir istiqamətdən təsir göstərildikdə onun sürəti saniyədə 3,9 millimetr, digər istiqamətdən təsir zamanı isə cəmi 0,8 millimetr dəyişib. Yəni nəticələr arasında təxminən beşqat fərq yaranıb.

Başqa bir model asteroidində isə fırlanma sürətindəki dəyişikliklər arasında 17 dəfə fərq qeydə alınıb.

Tədqiqatın rəhbəri, Sandia Milli Laboratoriyasının fiziki Natan Mur bildirib ki, alimlər partlayışın düzgün istiqamətləndirilməsinin vacib olduğunu gözləyirdilər, lakin bunun nəticəyə təsirinin nə qədər böyük olması onları təəccübləndirib.

Əvvəllər asteroidin həm mürəkkəb formasını, həm də nüvə partlayışının yaratdığı fiziki prosesləri eyni vaxtda dəqiq modelləşdirmək böyük hesablama gücü tələb edirdi. Mur yeni alqoritm hazırlayaraq müxtəlif məqsədlər üçün istifadə olunan iki hesablama kodunu birləşdirib.

Yeni yanaşmada yüksək enerjili prosesləri modelləşdirən ALEGRA və daha zəif, yavaş təsirləri hesablayan SPARTA kodlarından istifadə olunub.

Araşdırma göstərir ki, gələcəkdə asteroid təhlükəsinə qarşı nüvə texnologiyasından istifadə nəzərdən keçirilərsə, təkcə partlayışın gücünü deyil, asteroidin formasını, səth quruluşunu və zərbənin hansı istiqamətdən həyata keçirilməsini dəqiq hesablamaq vacib olacaq.

M.Sadiq.