Özbəkistan-Azərbaycan İş Adamları Klubu təsis edilib

Özbəkistan-Azərbaycan İş Adamları Klubu təsis edilib

İki ölkə arasındakı iqtisadi əlaqələrin dərinləşdirilməsi və sahibkarlıq subyektləri arasında qarşılıqlı əməkdaşlıq platformasının yaradılması məqsədilə Özbəkistan-Azərbaycan İş Adamları Klubu (UZAZ Business Club) təsis edilib.

Bu təşəbbüs Azərbaycan Sahibkarlar Konfederasiyası, Özbəkistan Ticarət və Sənaye Palatası, “Networkstan Mcj” və “Asr Group Consulting”in birgə səyləri nəticəsində həyata keçirilib.

Yeni layihə hər iki ölkənin biznes mühitində davamlı inkişafın təmin edilməsini hədəfləyir.

Klub biznesin genişləndirilməsi üçün zəruri olan geniş spektrli funksiyaları özündə birləşdirir. UZAZ Business Club sahibkarlara strateji tərəfdaşlıq əlaqələrinin qurulması, investisiya layihələrinin təhlili və ixrac-idxal proseslərində beynəlxalq standartlara uyğun tənzimləyici dəstək təmin edir.

Fəaliyyəti yüksək səviyyəli B2B platformalar, bazar giriş strategiyaları üzrə ekspert konsultasiyaları və iqtisadi tendensiyaların operativ monitorinqi ilə zənginləşdirilib.

Klubun məqsədi yalnız şəbəkələşmə imkanları yaratmaq deyil, həm də regional iqtisadi inteqrasiya proseslərinə peşəkar töhfə verməkdir.

Klubun rəsmi açılışı iyulun 18-i saat 10 da Daşkənd şəhərində baş tutacaq. Özbəkistan və Azərbaycan bazarlarında aktiv fəaliyyət göstərmək, yeni biznes imkanlarını qiymətləndirmək və etibarlı tərəfdaşlar şəbəkəsinə qoşulmaq istəyən bütün sahibkarlar və investorlar bu strateji platformada birgə fəaliyyətə dəvətlidir.

Tədbirdə iştirak etmək istəyən iş adamları Networkstan Mcj səhifəsi ilə əlaqə saxlaya bilərlər.