SOCAR-ın qaz layihələri şirkətin uzunmüddətli dayanıqlığını artırır – Moody's

SOCAR-ın qaz layihələri şirkətin uzunmüddətli dayanıqlığını artırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilat strukturunda təbii qazın payının artması şirkətin qlobal enerji keçidi ilə bağlı risklərini azaldır.

Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin SOCAR üzrə son proqnozunda bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, SOCAR aşağı karbonlu iqtisadiyyata keçid, eləcə də ətraf mühitin çirklənməsi və tullantılarla bağlı risklərlə üzləşsə də, hasilat strukturunda təbii qazın payının artması bu risklərin təsirini zəiflədir.

"Moody's" qeyd edib ki, qlobal iqtisadiyyatın xam neft və digər fosil yanacaqlardan uzaqlaşması, emissiyaların azaldılması və karbohidrogen sızmalarının qarşısının alınması ilə bağlı tələblərin sərtləşməsi xüsusilə neft hasilatı ilə məşğul olan şirkətlərə təzyiqi artıracaq. Bununla yanaşı, SOCAR üçün bu risklər qaz hasilatının artması hesabına qismən kompensasiya olunur.

Agentliyin məlumatına görə, şirkətin qaz hasilatının artımı qismən Fransanın "TotalEnergies" şirkəti tərəfindən işlənilən "Abşeron" qaz yatağındakı 35 faizlik iştirak payı ilə bağlıdır.

Hesabatda bildirilir ki, "Abşeron" qaz-kondensat yatağı Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi üzrə ən yeni layihələrdən biridir və ölkədə qaz hasilatının qorunub saxlanmasına mühüm töhfə verəcək. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon tondan çox qaz kondensatı həcmində qiymətləndirilir.

Qeyd olunub ki, dənizdə tikinti işlərinə 2020-ci ildə başlanılıb, hasilata isə 2023-cü ilin ortalarında start verilib. Layihənin ilkin mərhələsində illik qaz hasilatının təxminən 1,5 milyard kubmetr təşkil edəcəyi gözlənilir.

Məlumata əsasən, layihə SOCAR (35 faiz), "TotalEnergies" (35 faiz) və Abu Dhabi National Oil Company (30 faiz) şirkətlərinin iştirakı ilə yaradılmış birgə müəssisə tərəfindən həyata keçirilir.

"Moody's" analitikləri bildiriblər ki, neft və qaz hasilatının həcmini qorumaq, coğrafi fəaliyyətini genişləndirmək və şaquli inteqrasiyanı gücləndirmək məqsədilə SOCAR beynəlxalq ekspansiyanı sürətləndirərək əsas diqqəti hasilat aktivlərinə yönəldib.

Bu çərçivədə 2024-cü ildə şirkət Abu Dhabi National Oil Company (ADNOC)-un Umm Lulu və Satah Al Razboot dəniz neft konsessiyalarında 3 faizlik iştirak payını əldə edib.

Bundan başqa, 2025-ci ildə SOCAR İsrailin "Tamar" dəniz qaz yatağında 10 faizlik, eləcə də Kot-d'İvuardakı Baleine dəniz layihəsində 10 faizlik iştirak payı alıb.

"Moody's"in materialında həmçinin qeyd olunub ki, SOCAR 2026-cı ildə İtaliyanın ən böyük inteqrasiya olunmuş neft emalı şirkətlərindən biri olan "Italiana Petroli" şirkətinin 5,5 milyard manata (təxminən 3,2 milyard ABŞ dolları) alınması prosesini tamamlayıb.