Tanrıverdi Mustafayevin doğum günüdür

Tanrıverdi Mustafayevin doğum günüdür

Tanınmış ictimai xadim, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, biologiya elmləri namizədi Tanrıverdi Mustafayevin doğum günüdür.

Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın, Çəmbərək rayonunun Gölkənd kəndində kolxozçu ailəsində anadan olub.

1969-ci ildə doğma kəndlərindəki orta məktəbin birinci sinfinə gedib.

1979-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasına qəbul olub.

1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.

1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib.

1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub.

1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb.
Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi - “Araz” cəmiyyəti yaradıb.
Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub. Həmin Departamentdə Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olunub.
1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb.

1998-ci ildə Moldova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü olub.
2001-ci ilin noyabrına qədər həmin vəzifədə çalışıb. 2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib.

2002-ci ilin əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib. Fevral ayının 7-də Moldovadakı işini Azərbaycandakı işlə dəyişib: “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub. Hazırda "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəridir.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

BusinessTime kollektivi olaraq Tanrıverdi Mustafayevi təbrik edirik !