100-dən çox iştirakçının qatıldığı çempionat başa çatdı - FOTOLAR

100-dən çox iştirakçının qatıldığı çempionat başa çatdı

29–30 mart tarixlərində Bakı şəhərində güc idman növləri üzrə (Strongmen) Azərbaycan Çempionatı təşkil olunub. Yarışda ölkənin müxtəlif şəhər və bölgələrindən idmançılarla yanaşı, güc strukturlarında xidmət edən əməkdaşlar da iştirak ediblər. Ümumilikdə 100-dən çox iştirakçının qatıldığı çempionat yüksək rəqabət şəraitində baş tutub.

Yarışda Rövşən Xəlilov da uğurla çıxış edib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabiti olan Rövşən Xəlilov 80 kq çəki dərəcəsində mübarizə apararaq iki qızıl medal qazanıb. O, həm Strongmen, həm də deadlift (ağırlığın yerdən qaldırılması) növündə ən güclü idmançı olmağı bacarıb.

Uzun fasilədən və zədələrdən sonra yenidən yarış meydanına qayıdan 35 yaşlı idmançımız bu uğuru ilə diqqət mərkəzinə düşüb. O, hazırda da yarış karyerasını davam etdirmək və gələcək beynəlxalq arenalarda dövlətimizi layiqincə təmsil etmək əzmindədir.

Çempionatın yekunlarına əsasən qalib idmançılar seçilərək qarşıdan gələn beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Bu yarış həm güc idman növlərinin ölkəmizdə inkişafına, həm də idmançılar arasında rəqabətin daha da artmasına mühüm töhfə verib.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan Respublikasının idman ustası və beynəlxalq dərəcəli idmançıdır. O, dəfələrlə beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edərək qalib olub və güc idman növləri üzrə çempion titullarına sahibdir.