Azərbaycan məhsulları “Halal Expo 2025” sərgisində

Azərbaycan məhsulları “Halal Expo 2025” sərgisində

İstanbul şəhərində Türkiyənin Ticarət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (OIC) və İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025” Beynəlxalq Ticarət Sərgisi öz işinə başlayıb.
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgidə 10-a yaxın yerli sahibkarın məhsul və xidmətləri təqdim olunur. Məqsəd yerli sahibkarların beynəlxalq bazarlara çıxışını genişləndirmək, halal sənayesində Azərbaycan brendlərinin tanıdılmasını dəstəkləməkdir. “Made in Azerbaijan” stendində yerli istehsalçılarımızın bal, bitki yağları, qənnadı məmulatları, ət və kolbasa məhsulları, zəfəran, ədviyyatlar və digər məhsulları nümayiş etdirilir.
 
Sərgi günlərində yerli sahibkarlar stendimizdə tədbirə qatılan digər ölkələrin şirkətləri ilə görüşlər keçirə, ixrac və distribütorluq üzrə yeni əməkdaşlıqlar qura biləcəklər.
 
Türkiyənin ticarət naziri Ömər Bolat və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Azərbaycanın stendində olublar.   
 
Sərgi noyabrın 29-dək davam edəcək.
 
KOBİA nümayəndələri halal sənayesi üzrə maraqlı tərəfləri bir araya gətirən və müvafiq sahədə yeni imkanların, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu 11-ci Dünya Halal Sammitində də iştirak ediblər. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan şirkətlərinin halal sənayesinə artan marağını və ölkəmizdə bu sahədə təşəbbüsləri diqqətə çatdırıb. Vurğulanıb ki, qlobal halal iqtisadiyyat sürətlə genişlənir və Azərbaycan bu imkanlardan faydalanmaq üçün həm müvafiq sərgilərdə iştirak edir, həm də bu il ikincisi keçirilmiş AZHAB Forumunu təşkil etməklə beynəlxalq əməkdaşlığı gücləndirir.