“Coca-Cola”nın Rusiya aktivlərinə kim nəzarət edəcək?

“Coca-Cola”nın Rusiya aktivlərinə kim nəzarət edəcək?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Boçkarı” şirkətinin sahibi Vadim Smaginin “Coca-Cola”nın Rusiyadakı aktivlərinin müvəqqəti idarəçiliyinə verilməsi ilə bağlı müraciətindən xəbərdar olmadığını bildirib.

BusinessTime Rusiya mediasına istinadla xəbər verir ki, Peskov bu barədə jurnalistlərin sualını cavablandırarkən danışıb.

“Belə bir müraciətin olub-olmadığını bilmirəm. Hətta belə bir müraciət olsa belə, biz daxili, xidməti və işgüzar yazışmaları şərh etmirik”, – deyə Kremlin sözçüsü qeyd edib.

Qeyd edək ki, “Boçkarı” Altay diyarında yerləşən Rusiya şirkətidir. 1989-cu ildə təsis edilən müəssisə pivə və alkoqolsuz içkilər istehsal edir. Şirkətin məhsul çeşidinə limonad, içməli su və digər içkilər daxildir.

Xatırladaq ki, Rusiyada xarici şirkətlərin aktivlərinin müvəqqəti idarəçiliyə verilməsi mexanizmi 2023-cü ilin aprelindən qüvvədədir. Bu mexanizm prezident fərmanı əsasında bəzi xarici şirkətlərin aktivlərinin Rusiya strukturlarının idarəçiliyinə verilməsini nəzərdə tutur. Bu zaman mülkiyyət hüququ formal olaraq əvvəlki sahiblərində qalır, lakin aktivlərin idarə olunması müəyyən edilmiş səlahiyyətlər çərçivəsində yeni idarəçilərə həvalə edilir.

M.Sadiq