NASA ayda işləmək istəyənlər üçün astronavtlar AXTARIR

NASA ayda işləmək istəyənlər üçün

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yeni astronavt namizədlərinin seçimi üçün müraciət qəbuluna başlayıb.

BusinessTime-ın xəbərinə görə, seçiləcək namizədlər Ay səthində fəaliyyət göstərmək və Yer kürəsindən kənarda yaşamaq üçün hazırlanacaqlar.

Müraciətlərin qəbulu 2026-cı il dekabrın 3-dək davam edəcək. Namizədlərin yekun seçiminin isə 2027-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Müsabiqədə ABŞ vətəndaşları iştirak edə bilərlər. Namizədlər mühəndislik, biologiya, tibb, fizika və ya kompüter elmləri üzrə ali elmi dərəcəyə malik olmalı, yaxud müvafiq peşəkar bilik və pilotluq bacarıqları nümayiş etdirməlidirlər.

Bütün namizədlər uzunmüddətli kosmik uçuşlara yararlılıq üzrə tibbi müayinədən keçməli, liderlik, ünsiyyət və komanda ilə işləmək bacarıqlarını nümayiş etdirməlidirlər.

Seçilən şəxslərin hazırlıq proqramına açıq kosmosa çıxış, Ay geologiyasının öyrənilməsi və yüksək uçuş göstəricilərinə malik təyyarələrin idarə olunması daxildir.

NASA rəhbəri Cared Ayzekmanın sözlərinə görə, yeni astronavtlar gələcəkdə Aya səyahət edə, orada yaradılması planlaşdırılan bazada işləyə və Marsa ekspedisiyalar üçün nəzərdə tutulan sistemlərin sınaqlarında iştirak edə bilərlər.

Bununla belə, seçimdən keçmək konkret kosmik missiyada iştirakın təmin edilməsi demək deyil.

Hazırda NASA-nın fəaliyyət göstərən astronavt korpusunda 32 nəfər var. 2024-cü ildə elan edilən əvvəlki müsabiqəyə 8 mindən çox müraciət daxil olub. 2025-ci ildə seçilmiş 10 namizəd hazırda təxminən iki il davam edən hazırlıq proqramından keçir.

NASA 1960-cı illərdən indiyədək ümumilikdə 370 nəfəri astronavt hazırlığına seçib.

M.Sadiq.