Hacıqabul Quşçuluq Şirkətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti qanvermə aksiyası keçirilib.
Aksiya Hacıqabul Quşçuluq Şirkətinin dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə şirkətin ərazisində təşkil olunub.
Aksiya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilib.
Qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq, eyni zamanda qan ehtiyatının artırılmasına töhfə vermək məqsədilə təşkil olunan aksiyada şirkət əməkdaşları könüllü şəkildə iştirak edərək qan veriblər.
Aksiya Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin peşəkar tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilib. Əvvəlcə donorların sağlamlıq vəziyyəti tibbi müayinədən keçirilib, daha sonra qan nümunələri götürülüb.
Bildirilib ki, toplanan qan ehtiyatı laboratoriya şəraitində müvafiq yoxlamalardan keçirildikdən sonra talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu cür humanitar aksiyalar cəmiyyətdə sosial həmrəyliyin gücləndirilməsi, donor hərəkatının təşviqi və ehtiyacı olan xəstələrə dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.